Çin qızılgülü
Çin qızılgülü (lat. Rosa chinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Dekorativ kol bitkisi; otaqlarda becərilir.
Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır.
Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür.